Qaşların, xüsusilə də xarici hissəsinin seyrəlməsi qalxanabənzər vəzinin fəaliyyətində pozuntuların əlaməti ola bilər.
Ucnoqta.az xəbər verir ki, dermatoloq və endokrinoloqlar qaşların xarici uclarında tüklərin tökülməsinin hipotireozla – qalxanabənzər vəzinin hormonları kifayət qədər istehsal etməməsi ilə əlaqəli ola biləcəyini bildirirlər.
Qaşların tökülməsinin səbəbi nədir?
Mütəxəssislərin sözlərinə görə, bu əlamət tibbdə Hertoq simptomu adlanır. Lakin qaşların seyrəlməsi özlüyündə konkret xəstəliyin diaqnozu hesab edilmir.
Bu simptom adətən xroniki yorğunluq, isti mühitdə belə üşümə, dərinin quruması, dırnaqların kövrəkləşməsi, qəbizlik və baş dərisində saçların tökülməsi ilə müşayiət oluna bilər.
Orqanizmdə hansı dəyişikliklər baş verir?
Boyunda yerləşən və kəpənək formasına malik qalxanabənzər vəzi maddələr mübadiləsini, bədən temperaturunu, ürəyin fəaliyyətini və saç follikullarının vəziyyətini tənzimləyən hormonlar istehsal edir.
Vəzi kifayət qədər hormon ifraz etmədikdə orqanizmdə maddələr mübadiləsi yavaşlayır. Nəticədə tüklərin təbii yenilənmə dövrü pozulur, qaş və baş tükləri nazikləşir, kövrəkləşir və vaxtından əvvəl tökülə bilir.
Bu dəyişikliklər tədricən, bir neçə ay ərzində inkişaf etdiyindən insanlar qaşlarının xarici hissəsindəki seyrəlməni dərhal fərq etməyə bilərlər. Ağır hallarda kirpiklər də tökülə bilər.
Bununla belə, hipotireozu olan hər kəsdə qaş tökülməsi müşahidə edilmir. Bu problem atopik dermatit və alopesiyanın müxtəlif növləri ilə də əlaqəli ola bilər.
Qeyd: Qaşların xarici hissəsində seyrəlmə müşahidə olunarsa, qalxanabənzər vəzinin fəaliyyətini yoxlamaq üçün endokrinoloqa müraciət etmək və TSH, sərbəst T4 analizlərini vermək məqsədəuyğundur.
