Kliniki ölüm keçirən insanların xatirələrində təsvir etdikləri həndəsi formalarla rənglər arasında əlaqə olduğu müəyyən edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “ScienceAlert” nəşri yeni elmi araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqat çərçivəsində kliniki ölüm təcrübəsi yaşadığını bildirən 50 nəfərdən həmin anlarda gördükləri məkanları təsvir etmələri və çəkmələri istənilib.
Araşdırma necə aparılıb?
İsraildəki Hayfa Universitetinin neyrofenomenologiya üzrə tədqiqatçısı Frans Lerner və həmkarları iştirakçılardan xatirələrini xüsusi həndəsi təsvirlər vasitəsilə canlandırmağı xahiş ediblər.
Onlardan yaşadıqları təcrübənin müxtəlif mərhələlərində məkanın formasını, həmin məkanda mövqelərini, hərəkət istiqamətini və gördükləri rəngləri göstərmək tələb olunub.
Nəticədə alimlər ölümə yaxın təcrübələr zamanı təsvir edilən məkanları dörd əsas qrupa ayırıblar:
• Konusşəkilli məkanlar, o cümlədən tunellər;
• Tağ və günbəzləri xatırladan geniş, əyri məkanlar;
• Yastı və yumşaq əyriliyə malik məkanlar;
• İnsanı tam əhatə edən kürə və oval formalı məkanlar.
Alimlər hansı maraqlı nəticəyə gəliblər?
Araşdırmada formalarla rənglər arasında diqqətçəkən əlaqə aşkarlanıb. İştirakçıların təsvir etdiyi 28 konusşəkilli məkanın 22-si rəngsiz – qara, ağ, boz və ya rəng çalarları olmayan işıq şəklində olub.
Geniş və əyri formalı 31 məkanın isə 27-si rəngli təsvir edilib. Digər iki kateqoriyada həm rəngli, həm də rəngsiz görüntülərə rast gəlinib.
Tədqiqatçılar hesab edirlər ki, forma və rənglər arasındakı bu əlaqə ölümə yaxın təcrübələr zamanı baş verən görmə proseslərini anlamağa kömək edə bilər.
Görüntülərin elmi izahı nədir?
Alimlər bu hadisələri neyroelmdə məlum olan bəzi görmə effektləri ilə müqayisə ediblər.
Məsələn, beyinə və ya tor qişaya oksigen çatışmazlığı yarandıqda görmə sahəsi darala və tunel görüntüsü formalaşa bilər. Zəif işıq şəraitində isə gözlərin rəngləri ayırd etmək qabiliyyəti azalır.
Bəzi iştirakçıların təsvir etdiyi sərhədsiz və əhatəedici məkanlar isə Qanzfeld effekti ilə əlaqələndirilib. Bu effekt vahid və dəyişməz vizual sahəyə uzun müddət baxdıqda qeyri-adi hisslərin və hallüsinasiyaların yaranması ilə bağlıdır.
Bununla belə, alimlər qeyd edirlər ki, bu müqayisələr ölümə yaxın təcrübələrin konkret mexanizmini izah etmir.
Araşdırmanın məhdudiyyətləri
Tədqiqatın iştirakçı sayı az olub və sorğuda yalnız könüllü şəkildə müraciət edən şəxslər iştirak ediblər. Bundan başqa, bəzi iştirakçılar hadisələri illər əvvəl yaşadıqlarından xatirələrin zamanla dəyişməsi ehtimalı da var.
Alimlər vurğulayırlar ki, araşdırma insanların ölümə yaxın təcrübələr zamanı xatırladıqları görüntüləri müqayisə edir, lakin bu hadisələrin necə və hansı mexanizmlərlə baş verdiyini müəyyən etmir.
