Fen, elektrik qızdırıcısı və ya aerofritöz kimi məişət cihazlarını eyni elektrik mənbəyə və ya uzadıcıya qoşmaq elektrik şəbəkəsinin həddindən artıq yüklənməsinə və yanğına səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, “Good Housekeeping” nəşri eyni elektrik xəttinə qoşulması riskli olan cihazları açıqlayıb.
1. Qızdırıcı mətbəx cihazları
Aerofritöz, toster, elektrik qril və multibişirənlər işləyərkən 1000 vatt və daha çox enerji sərf edə bilər. Belə cihazların eyni elektrik mənbəyə qoşulması naqillərin həddindən artıq qızmasına səbəb ola bilər.
2. Fen və saç düzləşdiriciləri
Fenlərin gücü 2000 vatta çata bilər. Bir neçə saç düzümü cihazını eyni uzadıcıya qoşmaq elektrik xəttinə əlavə yük yaradır və təhlükə törədir.
3. Soyuducu və kondisionerlər
Kompressorla işləyən cihazlar işə düşərkən adi rejimlə müqayisədə daha çox elektrik enerjisi sərf edə bilər. Buna görə soyuducu və kondisioneri eyni elektrik xəttinə qoşarkən şəbəkənin gücü nəzərə alınmalıdır.
4. Elektrik qızdırıcıları
Bəzi qızdırıcılar 750 vatt, bir çox model isə 1500 vatt və daha çox enerji sərf edir. İki belə cihazın eyni uzadıcıya qoşulması həddindən artıq yüklənmə riski yaradır.
5. Elektrik alətləri
Dairəvi mişar və frez kimi güclü alətlərin eyni elektrik xəttində işləməsi ümumi enerji sərfiyyatını 3000 vattdan yuxarı qaldıra bilər. Belə alətlər üçün elektrik şəbəkəsinin uyğunluğu mütəxəssis tərəfindən qiymətləndirilməlidir.
Nəşr xatırladır ki, əsas məsələ rozetkaya neçə cihazın qoşulması deyil, elektrik xəttinə düşən ümumi yükdür. Hətta müxtəlif otaqlardakı rozetkalar da eyni avtomatik qoruyucuya qoşula bilər.
Rozetka və ya ştepsel qızırsa, ətrafında qaralma yaranırsa, yaxud yanıq qoxusu gəlirsə, həmin rozetkadan istifadəni dayandırmaq və elektrik təhlükəsizliyini yoxlatdırmaq lazımdır.
