Paltonun arxa hissəsindəki yarıq, xəz yaxalıq, kiçik ciblər və qol düymələri sadəcə dizayn elementi deyil. Bu detallardan bəziləri vaxtilə praktik məqsədlər üçün istifadə olunub.
Ucnoqta.az xəbər verir ki, satış platforması “Vsi Svoi” paltonun ənənəvi detallarının yaranma tarixi və ilkin təyinatı barədə məlumat yayıb.
Kişi və qadın geyimlərində düymələr niyə fərqli tərəflərdə yerləşir?
Kişi geyimlərində düymələr ənənəvi olaraq sağda, qadın geyimlərində isə solda yerləşdirilir. Bununla bağlı ehtimallardan birinə görə, kişilərə sağ əllə silah çıxarmaq daha rahat olduğu üçün düymələr sağ tərəfdə tikilirdi. Varlı qadınları isə çox vaxt xidmətçilər geyindirdiyindən düymələrin solda yerləşməsi onlar üçün daha əlverişli idi.
Xəz yaxalıq nə üçün nəzərdə tutulub?
XX əsrin əvvəllərində iri xəz yaxalıqlar təkcə bəzək elementi deyildi. Onlar açıq avtomobillərdə səyahət edən insanları soyuq küləkdən, tozdan və çirkdən qorumağa kömək edirdi.
Qollardakı düymələrin məqsədi nə olub?
Məşhur rəvayətə görə, Napoleon hərbçilərin burunlarını qollarına silməsinin qarşısını almaq üçün hərbi geyimlərin qollarına düymələr tikilməsini əmr edib. Zaman keçdikcə bu detal əsasən dekorativ xarakter alıb.
Paltonun arxasında niyə yarıq var?
Şlitsa adlanan bu yarıq əvvəlcə atlıların uzun palto ilə yəhərdə rahat oturması və hərəkət etməsi üçün nəzərdə tutulub. Bu gün isə həmin detal yeriməyi, oturmağı və avtomobildə rahat hərəkət etməyi asanlaşdırır.
Pencək və paltonun son düyməsi niyə açıq saxlanılır?
Bu ənənə Britaniya kralı VII Eduardla əlaqələndirilir. Rəvayətə görə, kral rahatlıq üçün geyiminin son düyməsini açıq saxlayırdı. Sonradan bu vərdiş klassik kişi geyim tərzinin qaydalarından birinə çevrilib.
Paltonun kiçik cibi nə üçündür?
“Ticket pocket” adlanan kiçik cibdən XIX əsrdə istifadə olunmağa başlanılıb. Ora dəmir yolu biletləri və xırda pullar qoyulurdu. Beləliklə, üst geyimini çıxarmadan və ya düymələrini açmadan həmin əşyaları götürmək mümkün olurdu.
“Palto” sözünün mənşəyi haradan gəlir?
“Vsi Svoi” platformasının paylaşımında qeyd olunan versiyaya əsasən, müasir paltonun ilkin formalarından biri ispan kəndlilərinin geyindiyi kapüşonlu, isti plaş olub. Onun “palletoque” adlandırıldığı bildirilir.
Ən bahalı yunlardan hazırlanan palto neçəyə başa gəlir?
Vikunya yunundan hazırlanan paltoların qiyməti 20 min ABŞ dollarından başlaya bilər. Bu yunun lifləri olduqca incə, özü isə nadir olduğundan yüksək qiymətləndirilir. Vikunyaların təxminən üç ildən bir qırxılması da materialın bahalılığına təsir göstərir.
Yeni paltonun cibləri niyə tikili olur?
Yeni paltonun ciblərindəki müvəqqəti tikişlər geyimin daşınma, saxlanma və sınaq zamanı formasını qorumağa kömək edir. Əgər istehsalçı tərəfindən belə nəzərdə tutulubsa, istifadədən əvvəl həmin tikişlər ehtiyatla sökülə bilər.
