Amerikalı iş adamı İlon Mask “SpaceX” şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində yenidən trilyonçu statusunu itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Məlumata görə, ticarət sessiyasının əvvəlində “SpaceX” səhmlərinin 3 faizdən çox ucuzlaşması Maskın sərvətinin 26,3 milyard dollar azalmasına səbəb olub. Sərvətinin əsas hissəsini “SpaceX” və “Tesla” şirkətlərindəki payları təşkil edir.
Nəşr sərvətin azalmasını Asiya bazarlarında çərşənbə axşamı süni intellekt sahəsi üçün çip istehsal edən şirkətlərin səhmlərinin kütləvi satışa çıxarılması ilə əlaqələndirib.
İlon Mask bu ilin iyununda “SpaceX” şirkətinin səhmlərinin ilkin kütləvi təklifindən (IPO) sonra tarixdə ilk dollar trilyonçusu olub. Ötən həftə səhmlərin bahalaşması nəticəsində yenidən bu statusu qazansa da, son eniş onu bir daha trilyonçu statusundan məhrum edib.
Bununla belə, Mask dünyanın ən varlı şəxsləri siyahısında liderliyini qoruyur. O, ikinci yerdə qərarlaşan “Amazon” şirkətinin rəhbəri Ceff Bezosu sərvətinə görə təxminən üç dəfə qabaqlayır.
