Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin paytaxtı Sənada neft obyektinin ərazisində olan mülki şəxsləri təxliyəyə çağırıb. Buna cavab olaraq husilər Ər-Riyad və “Saudi Aramco” şirkətinin obyektlərinə zərbələr endirməklə hədələyiblər.
Ucnoqta.az xəbər verir ki, koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki mülki şəxslərdən Sənadakı Yəmən Neft Şirkətinin “Əs-Səbaha” mərkəzi stansiyasının ərazisini təhlükəsizlik məqsədilə tərk etmələrini istəyib.
Husilərin hərbi nümayəndəsi Yəhya Səriya isə bildirib ki, Sənaya endiriləcək istənilən zərbəyə Ər-Riyadda sərt cavab veriləcək.
O, həmçinin Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun obyektlərinin yaxınlığında olan əməkdaşları və mülki şəxsləri həmin əraziləri dərhal tərk etməyə çağırıb. Səriyanın sözlərinə görə, krallığın neft infrastrukturu husilər üçün qanuni hədəf hesab olunur.
