Yəməndə davam edən döyüşlər nəticəsində 216 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Bildirilib ki, avqustun əvvəlindən etibarən 216 mindən çox insan didərgin düşüb. Onların 172 mindən çoxu Təiz əyalətinin sakinləridir. Əyalətdə əsas yolların bağlanması mülki əhalinin hərəkətinə, kommersiya daşımalarına və humanitar yardımın çatdırılmasına mane olur.
Giriş məhdudiyyətləri və resurs çatışmazlığı humanitar əməliyyatları çətinləşdirir. Ərzaq və digər zəruri məhsulların bahalaşması, yanacaq qıtlığı isə səhiyyə və su təchizatı xidmətlərinin fasiləsiz fəaliyyətini təhlükə altına alır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, avqustun əvvəlindən indiyədək Yəməndə azı 54 mülki şəxs həlak olub. Ölənlərin yarısı uşaqlardır. Daha 171 nəfər yaralanıb, onların arasında 107 qadın və uşaq var.
BMT münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa əməl etməyə, mülki əhalini və mülki obyektləri qorumağa, insanların təhlükəsiz hərəkətini təmin etməyə, həmçinin ehtiyacı olanlara humanitar yardımın maneəsiz çatdırılmasına şərait yaratmağa çağırıb.
