İsveçdə yeddi ay saxlanılan “Sea Owl I” tankeri ölkənin ərazi sularını tərk edərək Latviyaya doğru hərəkət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Məlumata görə, tanker bazar ertəsi axşam lövbərini qaldıraraq yola düşüb. Bu, İsveç Nəqliyyat Administrasiyasının gəminin istismarına qoyulan qadağanı ləğv etməsindən sonra baş verib.
İsveç Sahil Mühafizəsi martın 12-də ölkənin cənub sahillərində saxlanılan tankerin Rusiya istiqamətində hərəkət etdiyini bildirmişdi. Saxlanılmaya gəminin texniki vəziyyəti və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğu ilə bağlı iradlar səbəb göstərilmişdi.
Martın 15-də Ystad şəhərinin dairə məhkəməsi saxta sənədlərdən istifadə etməkdə şübhəli bilinən Rusiya vətəndaşı olan kapitanın həbsinə qərar vermişdi. O, mayın 7-də azadlığa buraxılıb.
İsveç Nəqliyyat Administrasiyasının məlumatına görə, tankerin istismarına qoyulan qadağa, digər məsələlərlə yanaşı, qeydiyyat və sənədləşmə ilə bağlı çatışmazlıqlardan irəli gəlib. Lakin oktyabrda gəminin bayraq dövləti olan Ekvatorial Qvineya onun qeydiyyatının düzgün aparıldığını, sertifikatların və heyət sənədlərinin tələblərə uyğun olduğunu təsdiqləyib.
Qurumun nümayəndəsi Pernilla Vallinin sözlərinə görə, yoxlamanın uzanmasına həmin ölkələrlə əlaqə saxlamağın və məlumatların etibarlılığını təsdiqləməyin çətinliyi səbəb olub.
