İtaliyanın paytaxtı Romadan Avstraliyanın Pert şəhərinə uçmalı olan təyyarədə taxtabitilər aşkarlandığı üçün aviareys ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” qəzeti məlumat yayıb.
Məlumata görə, həşəratlar oktyabrın 9-da Pertdən Romaya həyata keçirilən uçuş zamanı aşkarlanıb. Taxtabitilərin dişlədiyi bəzi sərnişinlərə antihistamin preparatları verilib, lakin təyyarədəki dərman ehtiyatı qısa müddətdə tükənib.
Aviaşirkətin nümayəndəsi bildirib ki, ekonom-klass salonundakı bəzi oturacaqlarda yaranan problemə görə təyyarənin hərtərəfli sanitar təmizlənməsi qərara alınıb.
Reysin ləğvindən sonra sərnişinlər müvəqqəti yerləşdirmə ilə təmin olunub, biletləri isə 48 saat ərzində həyata keçirilən digər uçuşlara dəyişdirilib.
