İspaniyanın Qalisiya bölgəsində bütöv bir kənd 850 min avroya satışa çıxarılıb. Bu məbləğə 40 min kvadratmetr ərazi, 12 tikili, 44 yataq otağı, ibadətgah və tennis kortu daxildir.
Ucnoqta.az xəbər verir ki, Business Insider-in məlumatına görə, obyekt ölkənin şimal-qərbində, Viana-do-Bolo ərazisində yerləşir və uzun müddətdir tərk edilmiş vəziyyətdədir.
Satışa çıxarılan ərazidə 11 yaşayış binası var. Onların ümumi faydalı sahəsi 2160 kvadratmetr təşkil edir. Evlərdə ümumilikdə 44 yataq otağı və 21 sanitar qovşaq yerləşir.
Kompleksə həmçinin aptek, iki anbar, 668 kvadratmetrlik əsas bina, mətbəxlər, ümumi istifadə sahələri, duş otaqları və tennis kortu daxildir.
11 evdən yalnız 3-ü qənaətbəxş vəziyyətdədir. Digər 8 binanın isə əsaslı təmirə ehtiyacı var. Ərazi turizm obyektinə çevrilə və ya ayrı-ayrı hissələrə bölünərək istifadə oluna bilər.
Maraqlıdır ki, obyektin qiyməti əvvəl daha yüksək olub. 2021-ci ildə kənd 1,113 milyon avroya qiymətləndirilib. Hazırda isə qiymət 850 min avroya endirilib.
Ərazi Atlantik okeanı sahilindən təxminən 170-190 kilometr məsafədə yerləşir. Avtomobillə sahilə getmək təxminən üç saat çəkir. Daha yaxın alternativ isə kənddən 33 kilometr məsafədə yerləşən göl və Praia Vikela çimərliyidir.
