Dünyada ən çox gölün yerləşdiyi ölkə Finlandiya deyil. Bu göstəricidə lider Kanadadır.
Ucnoqta.az bildirir ki, 2026-cı ildə Kanada hökumətinin məlumatlarına görə, ölkədə sahəsi 0,1 kvadrat kilometrdən, yəni 10 hektardan çox olan təxminən 880 min göl var. Bu, dünyadakı həmin ölçüdə göllərin təxminən 62 faizini təşkil edir.
Eyni məlumat bazasına əsasən, ikinci yerdə Rusiya, üçüncü yerdə isə ABŞ qərarlaşır. Rusiyada təxminən 201 min, ABŞ-da isə 103 min belə göl qeydə alınıb.
Kanadada niyə bu qədər göl var?
Ölkədə göllərin çoxluğunun əsas səbəblərindən biri son buzlaşma dövrüdür. Nəhəng buzlaqlar Kanada ərazisinin böyük hissəsində süxurların səthini aşındırıb, çökəkliklər yaradıb və su axınlarının istiqamətini dəyişib. Buzlaqlar geri çəkildikdən sonra həmin çökəkliklər su ilə dolaraq çoxsaylı göllərə çevrilib.
Bəs Finlandiya niyə “min göllər ölkəsi” adlanır?
Finlandiyanın da göllərinin sayı kifayət qədər çoxdur. Ölkənin rəsmi statistikasına görə, sahəsi ən azı 500 kvadratmetr olan təxminən 188 min daxili göl mövcuddur.
Lakin göllərin sayı onların ölçüsündən asılı olaraq ciddi şəkildə dəyişir. Məsələn, sahə meyarı 1 hektara qaldırıldıqda Finlandiyada təxminən 57 min göl qalır.
Maraqlı məqam ondan ibarətdir ki, göllərin sayında Kanada böyük üstünlüyə malik olsa da, bu, ölkənin dünyadakı şirin su ehtiyatlarının eyni nisbətdə böyük olması demək deyil.
Kanadada göllərin sayına görə dünya göstəricisinin təxminən 62 faizi düşsə də, onların ümumi su həcminə payı təxminən 7 faizdir. Buna səbəb göllərin böyük hissəsinin nisbətən kiçik və dayaz olmasıdır.
Kanadadakı ən böyük göllərdən biri isə Böyük Ayı gölüdür. Sahəsi təxminən 31,4 min kvadratkilometr olan bu göl tamamilə Kanada ərazisində yerləşən ən böyük göldür.
