İtaliyanın Sardiniya adasında yerləşən Bolotana kəndi qadınlar arasında qeydə alınan yüksək uzunömürlülük göstəricilərinə görə alimlərin diqqətini cəlb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Xataka” nəşri məlumat yayıb.
Yeni araşdırmaya görə, Bolotana kəndində 70 yaşına çatmış qadınların 100 yaşadək yaşamaq ehtimalı 13,83 faiz təşkil edir. Müqayisə üçün qeyd edək ki, İtaliya üzrə bu göstərici təxminən 3,5 faiz, ABŞ-da isə 3,6 faizdir.
Kənddə uzunömürlülük göstəricilərini təsdiqləyən digər fakt da var. Belə ki, 2021-2025-ci illərdə Bolotanada 19 nəfər 100 yaşını qeyd edib. Onlardan 14-ü qadın olub.
Bu nəticələr alimlərin xüsusi marağına səbəb olub. Çünki Sardiniyanın dağlıq ərazilərində əvvəllər müəyyən edilmiş “mavi zona” əsasən kişilərin uzunömürlülüyü ilə tanınıb.
Qadınların uzunömürlülüyünün sirri nədir?
Alimlər yerli qadınların uzunömürlülüyünü bir neçə amilin vəhdəti ilə əlaqələndirirlər. Bunlara qidalanma xüsusiyyətləri, fiziki aktivlik, genetik irsiyyət və böyük şəhərlərlə müqayisədə daha sakit həyat tərzi daxildir.
Oxşar qanunauyğunluqlar Yaponiyada olduğu kimi, uzunömürlü insanların çox olduğu digər bölgələrdə də müşahidə edilir.
Bununla belə, Bolotana sakinlərinin uzun yaşamasını təmin edən əsas səbəb hələ müəyyənləşdirilməyib. Tədqiqatçılar hesab edirlər ki, burada bir amildən deyil, uzun illər ərzində formalaşan həyat şəraitinin məcmusundan söhbət gedir.
Bolotana yeni “mavi zona” hesab edilə bilərmi?
Qeyri-adi nəticələrə baxmayaraq, alimlər yekun qərar verməyə tələsməməyi tövsiyə edirlər. Araşdırmanın müəyyən məhdudiyyətləri var. Bundan başqa, müəlliflərin uzunömürlülüyün öyrənilməsi ilə bağlı özəl layihələrdə iştirak etməsi mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradıb.
Tədqiqatın maliyyələşdirilməsi ilə bağlı da ziddiyyətlər mövcuddur. Elmi nəşrdə maliyyə dəstəyinin olmadığı bildirilsə də, Çikaqodakı İllinoys Universitetinin açıqlamasında layihənin “National Geographic” tərəfindən dəstəkləndiyi qeyd olunub.
Buna görə də Bolotananın rəsmi olaraq yeni “mavi zona” kimi tanınması üçün əlavə araşdırmalara ehtiyac var.
