İspaniyanın Ubeda şəhərinin sakini tarixi binanın divarları arasında orta əsrlərə aid kilsənin fasadını aşkar etdiyinə görə 1 milyon avrodan çox təzminat alacaq.
Ucnoqta.az xəbər verir ki, El País qəzetinin məlumatına görə, hadisə 2016-cı ildə Xuan Fransisko adlı şəxsin Ubedanın mərkəzində satın aldığı binanın divarlarını sökməsi zamanı baş verib. O, divarların arxasında daşdan hazırlanmış kilsə fasadı aşkarlayıb.
Sonradan məlum olub ki, tapıntı 1347-ci ildə inşa edilmiş Müqəddəs Georgi keçmiş xəstəxanasının kilsəsinə aiddir. Tikilinin eni 15 metr, hündürlüyü isə 11 metrdir. Ekspertlər aşkarlanan memarlıq nümunəsinin yüksək bədii dəyərə malik olduğunu bildiriblər.
Bununla belə, Əndəlusiya bölgəsinin hakimiyyət orqanları tapıntıya görə ona mükafat ödənilməsindən imtina ediblər. Onlar obyektin artıq dövlət tərəfindən qorunan tarixi irs nümunəsi olduğunu əsas gətiriblər.
İspaniya Ali Məhkəməsi isə vətəndaşın xeyrinə qərar çıxararaq ona 1 milyon avrodan çox təzminat ödənilməsinə hökm edib.
Hazırda Xuan Fransisko aşkarladığı tarixi tikilinin bərpası və qorunub saxlanılması ilə bağlı yerli hakimiyyət orqanları ilə danışıqlar aparır.
