Enerji içkilərinin xüsusilə yeniyetmələr arasında tez-tez istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər. Mütəxəssislər bu içkilərin tərkibindəki yüksək miqdarda kofein və şəkərin orqanizmə mənfi təsirlərinə diqqət çəkirlər.
Ucnoqta.az xəbər verir ki, mütəxəssis, professor Səlim Kurtoğlu bildirib ki, enerji içkilərində yüksək miqdarda kofein olur və həddindən artıq qəbul edildikdə yuxusuzluq, əl titrəməsi, narahatlıq, ürəkdöyünmə və reflüks kimi problemlərə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, kofein bəzi hallarda beyin damarlarının daralmasına da gətirib çıxara bilər. Enerji içkilərinin tərkibində kofeindən əlavə jenşen və quarana kimi maddələr də yer alır və onların həddindən artıq qəbulu ürək ritminə və qan təzyiqinə təsir göstərə bilər.
Enerji içkilərindəki yüksək şəkər miqdarı da ayrıca risk yaradır. Fruktoza və saxarozanın həddindən artıq istehlakı, xüsusilə hərəkətsizlik və yuxu pozuntusu ilə birlikdə piylənmə və 2-ci tip diabet riskini artıra bilər. Fruktozanın qaraciyər piylənməsinə səbəb ola biləcəyi də qeyd olunur.
Bundan başqa, içkilərin tərkibindəki limon turşusu diş minasına zərər verə və reflüks şikayətlərini artıra bilər.
Mütəxəssislər uşaqlar və yeniyetmələr arasında enerji içkilərinin müntəzəm istehlakının vərdişə çevrilməməsinin vacibliyini vurğulayırlar.
