Havaların soyuması ilə qrip, soyuqdəymə və boğaz infeksiyaları artmağa başlayır. Bu dövrdə bir çox insan bitki çaylarına üz tutur. Lakin mütəxəssislər təbii hesab edilən bu içkilərin həddindən artıq və uzun müddət qəbulunun arzuolunmaz fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Ucnoqta.az xəbər verir ki, payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi yuxarı tənəffüs yolları infeksiyalarının artmasına səbəb ola bilər. Türkiyəli infeksionist professor Tuna Demirdal bu dövrdə bitki çaylarının da daha çox istehlak edildiyini bildirərək vətəndaşları diqqətli olmağa çağırıb.
“İstifadə miqdarını aşmaq olmaz”
Mütəxəssisin sözlərinə görə, bəzi bitki çayları boğaz infeksiyaları zamanı rahatlıq yarada bilər. Lakin onların uzun müddət və həddindən artıq qəbulu sağlamlıq üçün risklidir.
“Ən zərərsiz hesab edilən bitki çayları belə orqanizmimizə toksik təsir göstərə bilər. Gündə 5-6 fincan içən insanların olduğunu eşidirik. Bunun zərərli təsirləri ola bilər. Buna görə də bu məsələdə qəti fikir söyləmək çətindir. İstifadə miqdarını aşmaq olmaz”, – deyə Demirdal bildirib.
O qeyd edib ki, bəzi bitki çayları boğazdakı şişkinliyi azaldaraq rahatlıq yarada və nəfəs almağı asanlaşdıra bilər. Bununla belə, həmin içkilərdən həkim məsləhəti olmadan uzun müddət istifadə etmək tövsiyə edilmir.
Mütəxəssis viral infeksiyaların, adətən, bir neçə gün ərzində öz-özünə keçdiyini bildirib. Şikayətlər uzun müddət davam edərsə, həkimə müraciət etmək vacibdir.
Demirdal həmçinin portağal və limon kimi C vitamini ilə zəngin sitrus meyvələrinin viral infeksiyalardan sağalma müddətini qısalda biləcəyinə dair araşdırmaların olduğunu vurğulayıb. Onun sözlərinə görə, xəstəlik dövründə düzgün qidalanma da mühüm əhəmiyyət daşıyır.
