Kanadada Ueynrayt hərbi bazasında baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində dörd hərbçi həlak olub, onlarla insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib.
Onun sözlərinə görə, partlayışdan sonra başlayan yanğın sürətlə yayılaraq Alberta əyalətində yerləşən Kanada Silahlı Qüvvələrinin Ueynrayt bazasını əhatə edib.
Karni hadisəni Kanadanın sülh dövründə öz ərazisində silahlı qüvvələrinin başına gəlmiş ən dəhşətli faciələrdən biri adlandırıb. O bildirib ki, hazırda dörd hərbçinin öldüyü təsdiqlənib, onlarla insan isə ağır xəsarət alıb. Baş nazir vəziyyətin sürətlə dəyişdiyini vurğulayıb.
Karni faciə yerinə bir neçə nazirin və Silahlı Qüvvələrin rəhbərliyinin göndərildiyini də qeyd edib.
Baş nazirin sözlərinə görə, ölkədə matəm elan olunub və bütün federal binalarda bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verilib.
