ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində inək daşıyan yük maşını qəzaya uğrayıb. Hadisə nəticəsində onlarla heyvan tələf olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, yük maşını yolötürücüdən çıxaraq aşağıda hərəkət edən başqa bir avtomobilin üzərinə düşüb. Hər iki nəqliyyat vasitəsinin sürücüsü yüngül xəsarətlər alıb və onlara tibbi yardım göstərilib. Qəza səbəbindən bir neçə yol bağlanıb.
Kanzas-Siti hüquq-mühafizə orqanlarının məlumatına əsasən, yük maşınında 130-dək inək olub. Onlardan 45-60-nın tələf olduğu ehtimal edilir.
Qəzadan sağ çıxan inəklər yola qaçaraq nəqliyyatın hərəkətinə mane olub. Bu isə əlavə yol-nəqliyyat hadisələrinə və polisə çoxsaylı müraciətlərə səbəb olub.
Məlumata görə, dronların köməyi ilə qaçan bütün heyvanların yeri müəyyən edilib.
