Saçları evdə boyamaq həm vaxta, həm də pula qənaət etməyə imkan verir. Lakin yanlış rəng seçimi və düzgün olmayan prosedur saçların zədələnməsinə səbəb ola bilər. Buna görə də boyamağa başlamazdan əvvəl bir neçə vacib məqamı nəzərə almaq lazımdır.
Ucnoqta.az xəbər verir ki, Into The Gloss nəşri ev şəraitində saç boyayarkən diqqət edilməli 5 əsas qaydanı açıqlayıb.
1. Saç boyasını diqqətlə seçin
Boyanın qalıcı, yoxsa yarımqalıcı olmasına diqqət yetirin. Yarımqalıcı boyalar adətən daha yumşaq təsir göstərir və saça daha şəffaf rəng verir. Allergiya riskini azaltmaq üçün tərkibi də yoxlamaq vacibdir. Bununla belə, istənilən saç boyasından istifadə etməzdən əvvəl, hətta ammonyaksız məhsullarda belə, təlimata uyğun olaraq 48 saat əvvəl allergiya testi aparılmalıdır.
2. Ağ saçları örtmək üçün düzgün rəng seçin
Saçdakı ağları örtmək istəyirsinizsə, təbii saç rənginizə uyğun çalar seçin. Bunun üçün köhnə fotolara deyil, günəşin təsirinə daha az məruz qalan, başın arxa hissəsindəki saçlara diqqət yetirin.
Unutmayın ki, saç diblərini rəngləmək üçün nəzərdə tutulan boya əsasən həmin nahiyəyə tətbiq edilməlidir. Bütün saçın rəngini dəyişmək üçün isə uyğun məhsul seçilməlidir.
3. Həddindən artıq tünd rənglərdən çəkinin
Saçınızı ilk dəfə özünüz boyayırsınızsa, seçim zamanı bir qədər açıq çalara üstünlük vermək daha məqsədəuyğundur. Məsələn, tünd qəhvəyi rəng bəzən qapqara rəngdən daha təbii görünür.
Boya seçərkən çaların adını da nəzərə alın: “kül”, “buz” və “duman” kimi ifadələr adətən soyuq, “bal”, “karamel” və “şabalıdı” isə isti tonları bildirir.
4. Saçları özbaşına açmağa çalışmayın
Tünd saçları adi açıq rəngli boya ilə nəzərəçarpacaq dərəcədə saraltmaq mümkün olmaya bilər. Bunun üçün əvvəlcədən rəngin açılması tələb oluna bilər.
Saçın ağardılması, melirlənməsi və balayaj kimi texnikalar təcrübə tələb edir. Bu səbəbdən belə prosedurları evdə özbaşına həyata keçirmək məsləhət deyil. Açıq rəngli saçların çalarını yeniləmək üçün yarımqalıcı parıltı verən vasitələrdən istifadə etmək olar.
5. Boyamadan əvvəl hazırlıq görün, sonra saça qulluq edin
Boyama dəstində əlcək və fırçanın olduğuna əmin olun. Ləkələnməsinə heyfiniz gəlməyən köhnə dəsmal və geyim də hazırlayın. Prosedurdan əvvəl təlimatı diqqətlə oxuyun və göstərilən qaydalara əməl edin.
Boyamadan sonra rənglənmiş saçlar üçün nəzərdə tutulan şampun, kondisioner və nəmləndirici vasitələrdən istifadə edin. Düzgün qulluq saçların yumşaqlığını və parlaqlığını qorumağa kömək edir.
Saç boyayarkən əsas məqsəd yalnız rəngi dəyişmək deyil, saçların sağlamlığını da qorumaqdır. Düzgün rəng seçimi, təlimata əməl etmək və sonrakı qulluq yaxşı nəticə əldə etməyə kömək edir. Kəskin rəng dəyişikliklərini və mürəkkəb açma prosedurlarını isə peşəkarlara həvalə etmək daha məqsədəuyğundur.
