Yaponiyanın ən şimal adası olan Hokkaydoda ayıların hücumları və əkin sahələrinə müdaxiləsi nəticəsində əhaliyə dəyən zərər rekord həddə çatıb.
Ucnoqta.az xəbər verir ki, 2026-cı il martın 31-də başa çatan 2025-ci maliyyə ilində ayıların vurduğu zərər 487 milyon yen (3 milyon dollardan çox) təşkil edib. Bu, 1991-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Zərərin həcmi ardıcıl üçüncü ildir artır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ayılar qarğıdalı və şəkər çuğunduru əkinlərini, eləcə də meyvə bağlarını məhv edirlər. Zərərin artmasının əsas səbəblərindən biri kənd əhalisinin azalmasıdır. Nəticədə sakinlər torpaq sahələrinə əvvəlki kimi nəzarət edə bilmirlər. Hazırda bəzi yaşayış məntəqələrində əkin sahələrini izləmək üçün dronlardan istifadə olunur.
Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin hesabatına əsasən, 2026-cı ilin aprelindən sentyabrın əvvəlinədək ayı hücumları nəticəsində 6 nəfər ölüb, 30-a yaxın insan yaralanıb. Bu müddətdə ayıların yaşayış məntəqələrinin yaxınlığında görünməsi ilə bağlı ölkə üzrə təxminən 17 400 hadisə qeydə alınıb.
2025-ci maliyyə ilində isə ayılar yaşayış məntəqələrinin yaxınlığında təxminən 58 min dəfə müşahidə edilib. Həmin 12 ay ərzində ayı hücumları nəticəsində 13 nəfər ölüb, 238 nəfər yaralanıb. Ölüm və xəsarət hallarının sayı müharibədən sonrakı dövr üçün rekord göstərici olub.///tass
