ABŞ İranın Qeşm adasına zərbə endirib. Buna səbəb İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerika hərbi hava vasitəsinə hücum etməsi olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Axios” portalının və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid məlumat yayıb.
Onun sözlərinə görə, SEPAH bazar ertəsi gecə Hörmüz boğazı üzərində uçan ABŞ-yə məxsus hava vasitəsinə Qeşm adasından raket atıb.
“Amerikalı rəsmi şəxsin bildirdiyinə görə, bundan sonra ABŞ qırıcısı özünümüdafiə məqsədilə yerdəki raket buraxılış qurğusunu məhv edib”, – Ravid X sosial şəbəkəsində yazıb.
Məlumatda hücuma məruz qaldığı iddia edilən ABŞ hava vasitəsinin hansı tipə aid olduğu açıqlanmayıb.
“Reuters” və “Associated Press” də ABŞ-nin Hörmüz boğazı ərazisində İran hədəflərinə məhdud müdafiə zərbələri endirdiyini ABŞ rəsmilərinə istinadən təsdiqləyib. Bildirilib ki, əməliyyat genişmiqyaslı hərbi əməliyyatların bərpası demək deyil.
