Alkoqoldan imtina etmək qərarı verən insanlar bəzən yenə də içki üçün darıxırlar. Bunun səbəbi hər zaman iradə zəifliyi deyil, alkoqolun rahatlıq, özünəinam və xoş emosiyalarla əlaqələndirilməsi ola bilər.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Psychology Today” nəşri yazıb.
Mütəxəssislərin fikrincə, insanlar bəzən alkoqolun özünü deyil, onun yaratdığını düşündükləri hissləri axtarırlar. İçki sosial mühitdə özünü daha sərbəst hiss etmək, gündəlik qayğılardan uzaqlaşmaq və ünsiyyəti asanlaşdırmaq vasitəsi kimi qəbul edilə bilər.
Zamanla insanda alkoqolsuz rahatlaşmağın və əylənməyin çətin olduğu düşüncəsi formalaşır. Halbuki içkidən sonra yaranan sərbəstlik hissi davamlı özünəinam, müvəqqəti xoş əhval isə həqiqi xoşbəxtlik demək deyil.
Alkoqol qəbul etmək istəyi yarandıqda insanın öz emosional vəziyyətini qiymətləndirməsi vacibdir. Yorğunluq, tənhalıq və gərginlik kimi hisslərin səbəbini anlamaq, istirahət və ünsiyyət üçün alternativ yollar tapmaq bu istəyi idarə etməyə kömək edə bilər.
Alkoqoldan imtina zamanı çətinlik yaşayan şəxslərə yaxınlarının dəstəyi, zərurət olduqda isə mütəxəssis yardımı tövsiyə olunur.
