Gün ərzində qəbul edilən mayelər böyrəklərin fəaliyyətinə təsir göstərir. Böyrəklər qanı süzür, maddələr mübadiləsinin tullantılarını xaric edir, həmçinin orqanizmdə maye və mineral balansını qoruyur.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, “Verywell Health” nəşrinin ekspertləri böyrəklərin sağlamlığını dəstəkləmək üçün axşam yeməyindən sonra qəbul edilə biləcək içkiləri açıqlayıblar.
Mütəxəssislərə görə, ən yaxşı seçim adi sudur. Kifayət qədər maye qəbulu tullantıların sidiklə xaric edilməsinə və böyrək daşlarının yaranma riskinin azalmasına kömək edə bilər. Əsas məsələ gün ərzində kifayət qədər maye qəbul etməkdir.
Alternativ olaraq şəkərsiz qazlı su, zoğal şirəsi, nanə və çobanyastığı çayı, həmçinin limon və ya portağal şirəsi əlavə edilmiş su seçilə bilər.
Sitrus meyvələrinin tərkibindəki sitrat böyrək daşlarının bəzi növlərinin yaranmasının qarşısını almağa kömək edə bilər. Bununla belə, bu üsulun effektivliyi hələ tam müəyyən edilməyib.
Ekspertlər şəkərsiz içkilərə üstünlük verməyi tövsiyə edirlər. Xroniki böyrək xəstəliyi və diabeti olan şəxslər isə içkilərin tərkibindəki şəkər və kalium miqdarını nəzərə almalıdırlar.
