Bolqarıstan Hərbi Dəniz Qüvvələri və sərhəd polisi Qara dənizdə pilotsuz dəniz aparatlarının hücumuna məruz qalan “Contship Jet” ticarət gəmisinin xilas edilmiş 18 nəfərlik heyətini Varna limanına çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisəni Fransa Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi və Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin müşahidə sistemi izləyib. Gəmiyə ilk zərbədən dərhal sonra heyətin xilas edilməsi üçün üç hərbi gəmi hadisə yerinə göndərilib.
Məlumata görə, Liberiya bayrağı altında üzən və Rumıniyanın Konstansa limanına doğru hərəkət edən konteynerdaşıyan gəmi saat 12:00-da suüstü pilotsuz aparatın hücumuna məruz qalıb.
Bolqarıstan Milli Televiziyasının məlumatına əsasən, xilas edilənlərdən 14-ü Filippin, 4-ü isə Ukrayna vətəndaşıdır. Onlar yerli vaxtla saat 20:00 radələrində Varna limanına çatdırılıblar.
Dənizçilər tibbi müayinədən keçiriləcək və hotelə yerləşdiriləcəklər.
