Uzun müddət oturaq vəziyyətdə işləmək, fiziki aktivliyin azlığı və düzgün planlaşdırılmamış idman məşqləri onurğa və dayaq-hərəkət sistemi problemlərinin yaranmasına səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın “Egészség Kalauz” nəşri yazıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 1,7 milyard insan müxtəlif dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkir. Bel ağrısı isə əmək qabiliyyətinin itirilməsinin əsas səbəblərindən biridir. 2020-ci ildə dünyada 619 milyon insan bel ağrısından əziyyət çəkib. Proqnozlara görə, 2050-ci ilədək bu göstərici 843 milyona çata bilər.
ÜST qeyd edir ki, bel ağrısı hər zaman fəqərəarası yırtıqla əlaqəli deyil. Belə halların təxminən 90 faizində ağrının konkret anatomik səbəbini müəyyənləşdirmək mümkün olmur.
Mütəxəssislərin fikrincə, müasir həyat tərzinin əsas problemlərindən biri saatlarla kompüter qarşısında oturmaq, gün ərzində kifayət qədər hərəkət etməmək və həftədə cəmi bir dəfə həddindən artıq intensiv idmanla məşğul olmaqdır. Bu cür həyat tərzi bel ağrıları ilə yanaşı, boyun, çiyin və oynaqlarda da narahatlıqlara səbəb ola bilər.
Macarıstanın “Mozgás Klinika” klinikalar şəbəkəsinin apardığı daxili araşdırmaya əsasən, sorğuda iştirak edənlərin 56 faizi dayaq-hərəkət sistemi ilə bağlı uzunmüddətli problemlərinin olduğunu bildirib. Onların yarıdan çoxu ofis şəraitində və ya oturaq iş rejimində çalışır.
Məqalədə vurğulanır ki, bir çox insan sağlamlıq problemləri gündəlik həyata ciddi təsir göstərənədək həkimə müraciət etmir. Halbuki bel və boyun ağrılarının qarşısının alınmasında erkən profilaktika, müntəzəm hərəkət və fiziki yüklənmənin düzgün tənzimlənməsi mühüm rol oynayır.
“Məqsəd hər kəsin peşəkar idmançıya çevrilməsi deyil. Əsas məsələ bədənin gündəlik fiziki yüklənmələrin öhdəsindən gələ biləcək vəziyyətdə saxlanılmasıdır”, – deyə “Mozgás Klinika”nın təsisçisi və baş mütəxəssisi Rita Sentivanyi bildirib.
