ABŞ Prezidenti Donald Tramp İranla müharibənin çox yaxın zamanda başa çatacağını, lakin Vaşinqtonun hazırda münaqişədən çəkilmək niyyətində olmadığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Biz müharibəni indi dayandıra bilərdik və yaxşı, hətta əla iş gördük. Lakin bu, mənim üçün kifayət deyil. İranın beş, altı və ya on ildən sonra yenidən belə bir imkan əldə etməyəcəyinə əmin olmalıyıq”, – deyə ABŞ lideri bildirib.
Tramp Tehranın nüvə silahı əldə etməsinə imkan verməməyin vacibliyini vurğulayıb. O, neft məhsullarının bahalaşmasını dünyanın ən təhlükəli ölkəsi hesab etdiyi dövlətin nüvə silahına sahib olmasının qarşısını almaq üçün “çox kiçik qiymət” adlandırıb.
Qeyd edək ki, İran hakimiyyəti nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını və ölkənin atom bombası əldə etmək niyyətində olmadığını dəfələrlə bəyan edib.
