Polşa Silahlı Qüvvələri Cənubi Koreyadan “Homar-K” yaylım atəşli reaktiv sistemləri üçün ilk dəfə 290 kilometrədək mənzilli CTM-290 raketləri alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Defence24” internet portalı Polşanın Silahlanma Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, 600 mm kalibrli raket 500 kiloqramlıq döyüş başlığı ilə təchiz olunub. Bununla yanaşı, “Homar-K” sistemləri üçün 80 kilometr mənzilli, 239 mm kalibrli CGR-80 raketləri də tədarük edilib.
“Homar-K” Cənubi Koreyanın K-239 “Chunmoo” reaktiv yaylım atəş sisteminin Polşa modifikasiyasıdır. Sistemlər Polşaya təhvil verilməzdən əvvəl “Huta Stalowa Wola” müdafiə müəssisəsində modernləşdirilir, yerli “JELCZ” şassisinə quraşdırılır və “TOPAZ” atəşə nəzarət sistemi ilə təchiz olunur.
“Homar-K” sistemi altı CGR-80 və ya bir CTM-290 raketi daşıya bilir.
Tədarük edilən raketlərin sayı açıqlanmayıb. Agentliyin məlumatına görə, Polşanın müdafiə sənayesi 2028-ci ildən CGR-80 raketlərinin müstəqil istehsalına başlayacaq.
