ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə Osloda keçirəcəyi görüşdən sonra Rusiyaya səfər etməyi və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri və İsrailin 12-ci telekanalının jurnalisti Barak Ravid mənbələrinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Uitkoff oktyabrın 20-də Zelenski ilə görüşmək üçün Osloya yola düşüb. Məsləhətləşmələrdə Norveçin Baş naziri Yonas Qar Störe, həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Avropa İttifaqı və NATO nümayəndələrinin iştirakı gözlənilir.
Ravidin sözlərinə görə, görüşün məqsədi Rusiya ilə danışıqların bərpasına əsas ola biləcək hərtərəfli təklif üzərində razılaşmanı davam etdirməkdir.
Mənbənin bildirdiyinə görə, Uitkoff Oslodan sonra Rusiyaya səfər etməyə və Ukrayna ilə Avropa tərəfdaşlarının iştirakı ilə hazırlanmış təklifləri Putinlə müzakirə etməyə ümid edir. Ötən həftə ABŞ, Ukrayna və Avropa nümayəndələri bu təkliflərin hazırlanması ilə bağlı texniki səviyyədə müzakirələr aparıblar.
Təkliflər arasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etdiyinə görə Rusiyada məhkum edilmiş 72 yaşlı ABŞ vətəndaşı Stiven Habardın azad edilməsi məsələsi də yer alır.
Mənbə qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropanın iştirakı ilə hərtərəfli sülh təklifinin hazırlanması istiqamətində intensiv iş aparılması barədə göstəriş verib. Növbəti mərhələdə bu təşəbbüsün Rusiya ilə ciddi danışıqlar üçün əsas olub-olmayacağı qiymətləndiriləcək.
Qeyd edək ki, Uitkoffu bu səfərdə Trampın kürəkəni Cared Kuşner müşayiət etməyəcək. Qripə yoluxan Kuşner məsləhətləşmələrdə məsafədən iştirak edəcək.
