Bir fincan qəhvənin təsiri insan orqanizmində saatlarla davam edə bilər. Hətta insan səkkiz saat yatmasına baxmayaraq, səhər yorğun oyana və gün ərzində yuxululuq hiss edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın “Egeszseg Kalauz” nəşri Vrotslav Tibb Universitetinin tədqiqatçılarının icmalına istinadən məlumat yayıb.
Məlumata görə, kofein gecə ərzində beyində baş verən proseslərə təsir göstərə bilər. Belə ki, yuxu zamanı beynin keçdiyi dərin yuxu mərhələsində yavaş beyin dalğaları müşahidə olunur. Tədqiqatlar kofeinin bu aktivliyi azalda biləcəyini göstərir.
Kofein adenozin reseptorlarını bloklayaraq yorğunluq hissini müvəqqəti azaldır. Bu, insanın özünü daha gümrah hiss etməsinə, diqqətini cəmləməsinə və fəaliyyətini davam etdirməsinə kömək edir. Lakin bu təsir orqanizmin yuxuya olan ehtiyacını aradan qaldırmır.
Bununla belə, beyində müşahidə edilən dəyişikliklər mütləq yuxusuzluq və ya ertəsi gün özünü pis hiss etmə ilə nəticələnmir. Yuxunun keyfiyyətinə təsir fərdi xüsusiyyətlərdən də asılıdır.
Qeyd edək ki, Amerika Ürək Assosiasiyasının məlumatına görə, gündə 2–4 fincan qəhvə içilməsi vaxtından əvvəl ölüm riskinin aşağı olması və ürək-damar sisteminin fəaliyyətinin yaxşılaşması ilə əlaqələndirilir.
