İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfiri Aksel Dittmanı çağıraraq, alman rəsmilərinin İrana qarşı səsləndirdiyi bəyanatlarla əlaqədar kəskin etirazını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniya səfiri İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa departamentinin baş direktoru Əlirza Yusifi tərəfindən qəbul edilib. Görüşə səbəb alman rəsmilərinin İrana qarşı dəfələrlə əsassız ittihamlar səsləndirməsi olub.
Yusifi bildirib ki, Tehrana qarşı təhlükəsizlik sahəsində ittihamların irəli sürülməsi ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzündə Almaniya hökumətinin rolundan və iştirakından diqqəti yayındırmaq məqsədi daşıyır.
İranlı diplomat vurğulayıb ki, bu cür cəhdlər Almaniya hökumətinin İrana qarşı törədilən hərbi cinayətlərdə iştirakına görə beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb edilməsi istiqamətində Tehranın səylərinə mane olmayacaq.
