Moldova hakimiyyəti Dnestr çayı üzərindən sərhədi qanunsuz keçən iki ukraynalı sərhədçinin hərəkətləri ilə bağlı Kiyevə etiraz notası göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Moldova parlamentinin Milli Təhlükəsizlik, Müdafiə və İctimai Asayiş Komissiyasının sədri Lilian Karp “Radio Moldova”nın efirində bildirib.
Onun sözlərinə görə, ukraynalı sərhədçilər hərbi xidmətdən yayınan şəxsi təqib edərkən Moldova sərhədini qanunsuz keçiblər. Karp bu hadisəni ciddi pozuntu kimi qiymətləndirib və Ukrayna hakimiyyətinə etiraz notalarının göndərildiyini qeyd edib.
Deputat həmçinin sərhədçilərin saxlamaya çalışdıqları Ukrayna vətəndaşı ilə rəftarını tənqid edib. O bildirib ki, sərhədin qanunsuz keçilməsi belə davranışa haqq qazandırmır və baş verənlər heç bir etik normalara uyğun deyil.
Karpın sözlərinə görə, hadisə Ukrayna rəsmiləri ilə əlaqə kanalları vasitəsilə də müzakirə olunub. O, Moldovada sığınacaq üçün müraciət edən Ukrayna vətəndaşının bu statusu almaq şansının yüksək olduğunu düşünür.
