Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının və hərbi qulluqçuların hazırlıq keyfiyyətinin artırılması ilə bağlı bir sıra tapşırıqlar verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Aytkurman Omarbekov və müdafiə nazirinin müavini Tatyana Savelyeva ilə görüşün nəticələrinə dair məlumat yayıb.
Bildirilib ki, görüşdə ordunun döyüş və səfərbərlik hazırlığının vəziyyəti, döyüş hazırlığının maliyyələşdirilməsi məsələləri müzakirə olunub.
Tokayev hərbi idarəetmə sisteminin təkmilləşdirilməsi, qərarların daha operativ qəbul edilməsi və qoşunların qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırlığının gücləndirilməsi ilə bağlı göstərişlər verib.
Bundan əlavə, ordunun prioritet ehtiyaclarının maliyyələşdirilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə məsələlərinə diqqət yetirilib.
