Almaniyanın əczaçılıq və texnologiya konserni “Merck” nadir xəstəliklərə qarşı dərman portfelini genişləndirmək məqsədilə Britaniyanın biotexnologiya şirkəti “Silence Therapeutics”i satın alır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya şirkətinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “Merck” “Silence Therapeutics”in hər bir Amerika depozitar səhmi (ADS) üçün 20 dollar ödəyəcək. Beləliklə, sövdələşmə çərçivəsində Britaniya şirkətinin ümumi dəyəri 1,1 milyard dollar (təxminən 980 milyon avro) qiymətləndirilir. Təklif olunan qiymət “Silence Therapeutics”in son 30 gündəki orta səhm dəyərindən 82% yüksəkdir.
Sövdələşmə artıq Britaniya şirkətinin rəhbərliyi tərəfindən təsdiqlənib. Əqdin 2027-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir. Satınalma yeni kredit xətləri hesabına maliyyələşdiriləcək.
Merck-in İcraiyyə Şurasının üzvü Kay Bekmann bildirib ki, Silence Therapeutics-in alınması konsernin elmi-tədqiqat imkanlarını genişləndirəcək və nadir xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün hədəfli müalicə üsullarının hazırlanmasına şərait yaradacaq.
Silence Therapeutics-in əsas aktivlərindən biri kiçik interferensiyaedici RNT (siRNA) mexanizmi əsasında hazırlanmış Divesiran preparatıdır.
