Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanda kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Yeni tariflərə əsasən, əməliyyatın məbləğindən asılı olaraq 3 qəpikdən 4 manatadək xidmət haqqı tətbiq olunacaq.
Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Qərara əsasən, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.
Manatla köçürmələr üzrə yeni tariflər
Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:
Köçürmə məbləği Manatla tarif
0–100 AZN 0,03 AZN
100,01–1 000 AZN 0,10 AZN
1 000,01–10 000 AZN 0,50 AZN
10 000,01–40 000 AZN 2 AZN
40 000 AZN-dən yuxarı 4 AZN
Dollar və avro ilə köçürmələr üçün də tariflər müəyyən edilib
BKM-də ABŞ dolları və avro ilə emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə də məbləğ intervallarına uyğun xidmət haqları təsdiqlənib.
Belə ki, 100 vahidədək əməliyyatlarda 0,03, 1000 vahidədək əməliyyatlarda 0,10, 10 min vahidədək əməliyyatlarda 0,50, 40 min vahidədək əməliyyatlarda 2, daha yüksək məbləğlər üzrə isə 4 dollar və ya avro xidmət haqqı nəzərdə tutulub.
Xarici valyutada müəyyən edilmiş xidmət haqları Mərkəzi Bankın əməliyyat gününə olan rəsmi məzənnəsinə əsasən manatla hesablanacaq.
Yeni xidmət haqlarını kim ödəyəcək?
Mərkəzi Bankın təsdiq etdiyi sənədə əsasən, kartdan köçürmə və karta köçürmə əməliyyatlarının emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək, vəsait isə Mərkəzi Banka daxil olacaq.
Bu səbəbdən, müəyyən edilmiş məbləğlər bankların vətəndaşlardan birbaşa tutacağı komissiyalar kimi qiymətləndirilməməlidir. Bankların müştərilərə tətbiq etdiyi kartdan karta köçürmə komissiyaları ayrıca tarif siyasətindən asılıdır.
Yeni tariflər nə vaxt qüvvəyə minəcək?
Mərkəzi Bankın məlumatına əsasən, ödəniş sistemləri üzrə yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, yeni tarif siyasəti ödəniş sistemləri üzrə xidmət haqlarının optimallaşdırılması, innovativ ödəniş həllərinin inkişafı və ödəniş xidmətlərinin əlçatanlığının artırılması məqsədi daşıyır.///Banker.az
