Dünyada gənclərin psixoloji vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşir.
Ucnoqta.az xəbər verir ki, “PLOS ONE” jurnalında dərc olunan beynəlxalq araşdırmaya əsasən, 2020–2025-ci illərdə 44 ölkədə 1,7 milyon nəfərin məlumatları təhlil edilib. Nəticələrə görə, 25 yaşadək şəxslərin 48 faizi psixi sağlamlıq göstəricilərinə əsasən klinik risk qrupuna daxil edilib. Bu göstərici gənc qadınlar arasında 53, kişilər arasında isə 41 faiz təşkil edib.
Tədqiqatda iştirak edən 25 yaşadək gənclərin 13,4 faizi ən yüksək psixoloji narahatlıq səviyyəsi ilə xarakterizə olunan qrupa daxil edilib. Ümumi iştirakçılar arasında isə bu göstərici 5,6 faiz olub.
Tədqiqatçılar bildirirlər ki, əvvəllər insanların xoşbəxtlik səviyyəsinin gənclikdə yüksək olduğu, orta yaşlarda azaldığı, daha sonra isə yenidən artdığı düşünülürdü. Lakin yeni nəticələr bu tendensiyanın dəyişdiyini və gənclərin psixoloji rifahının əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.
Müəlliflər bu vəziyyətin iqtisadi və texnoloji dəyişikliklər, pandemiyanın nəticələri, eləcə də əmək bazarına çıxışla bağlı çətinliklər kimi bir sıra amillərlə əlaqəli ola biləcəyini qeyd edirlər.
