İnsanların bir qismi yataq dəstlərini tövsiyə olunandan daha gec yuyur. Böyük Britaniyada keçirilən sorğuya əsasən, respondentlərin 4 faizi eyni yataq dəstindən iki aydan çox istifadə etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “IFL Science” nəşri məlumat yayıb.
Mütəxəssislər yataq dəstlərinin həftədə bir dəfə, ən gec isə iki həftədən bir yuyulmasını tövsiyə edirlər. Xüsusilə, çox tərləyən və ya yaxın zamanda xəstəlik keçirən şəxslərin yataq dəstlərini daha tez-tez dəyişməsi məsləhət görülür.
Yuxu zamanı yataq dəstində tər, dəri yağı və ölü dəri hüceyrələri toplanır. Bundan əlavə, parçalarda bakteriya, göbələk və digər mikroorqanizmlər də yığıla bilər. Ev heyvanları ilə eyni yataqda yatanların yataq dəstində isə tük, kəpək və çirk hissəcikləri də toplana bilər.
“ YouGov” şirkətinin 2022-ci ildə Böyük Britaniyada keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 28 faizi yataq dəstlərini hər həftə, 36 faizi iki həftədən bir, 9 faizi üç həftədən bir, 11 faizi isə ayda bir dəfə dəyişir. Sorğuda iştirak edənlərin 2 faizi yataq dəstlərini həftədə bir dəfədən çox yuduğunu bildirib.
Mütəxəssislər yastıqların da gigiyenasına diqqət yetirməyi tövsiyə edirlər. Tədqiqatlar uzun müddət istifadə olunan yastıqlarda müxtəlif göbələk növlərinin toplana biləcəyini göstərir. Bu səbəbdən yataq dəstlərinin müntəzəm yuyulması, yastıqların isə istehsalçı göstərişlərinə uyğun təmizlənməsi və vaxtında yenilənməsi vacibdir.
Bundan başqa, yeni alınan yataq dəstlərini ilk istifadədən əvvəl yumaq məsləhət görülür. Bu, istehsal prosesindən qalan maddələrin, artıq boyaların və tozun təmizlənməsinə kömək edə bilər.
