Yeniyetmələrin ictimai yerlərdə valideynləri ilə yaxınlıq göstərmək istəməməsi və müstəqilliyə can atması böyümə prosesinin təbii mərhələsidir. Psixoloqlar bunu sevgisizliklə deyil, öz şəxsiyyətini formalaşdırmaq və yaşıdları arasında qəbul olunmaq istəyi ilə əlaqələndirirlər.
Ucnoqta.az xəbər verir ki, psixoloq Luis Gilyen “HELLO!” nəşrinə açıqlamasında yeniyetmələrin bu davranışının səbəblərindən danışıb.
Onun sözlərinə görə, bu dövrdə dostların fikri xüsusi əhəmiyyət daşıyır. Yeniyetmələr valideynlərinin davranışına, geyiminə və ictimai yerlərdə onlarla münasibətə daha həssas yanaşırlar.
Psixoloq qeyd edib ki, valideynlər uşaqların şəxsi sərhədlərinə hörmət etməli, onların hisslərini başqalarının yanında müzakirə etməkdən və şəxsi məlumatlarını icazəsiz paylaşmaqdan çəkinməlidirlər.
Mütəxəssisin fikrincə, yeniyetmənin valideynlərdən müəyyən qədər uzaqlaşması münasibətlərin soyuması demək deyil. Bu, müstəqilliyə doğru atılan addımdır. Valideynlər övladlarına sərbəstlik verməklə yanaşı, onların güvənə biləcəyi dayaq olaraq qalmalıdırlar.
