Çin alimlərinin 5 mindən çox yaşı 80-dən yuxarı olan insanın iştirakı ilə apardığı araşdırma göstərib ki, bəzi hallarda ət istehlakı 100 yaşına çatmaq ehtimalı ilə əlaqəli ola bilər. Xüsusilə, çəkisi normadan aşağı olan yaşlı qadınlarda bu əlaqə daha aydın müşahidə edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “ScienceAlert” nəşri “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqat çərçivəsində 100 yaşına çatmış 1459 nəfərin göstəriciləri 100 yaşına çatmadan vəfat etmiş 3744 nəfərin məlumatları ilə müqayisə edilib. Nəticələrə görə, çəkisi az olan qadınlarda gündəlik ət istehlakı vegetarian qidalanma ilə müqayisədə 100 yaşına çatmaq ehtimalının 44 faiz yüksək olması ilə əlaqələndirilib.
Lakin normal və artıq çəkisi olan insanlarda belə bir əlaqə aşkarlanmayıb. Kişilərdə də vegetarian qidalanma ilə uzunömürlülük arasında statistik baxımdan əhəmiyyətli əlaqə müəyyən edilməyib.
Araşdırmada həmçinin məlum olub ki, ət yeməsələr də, balıq, süd məhsulları və yumurta qəbul edən insanların 100 yaşına çatmaq ehtimalı ət yeyənlərlə oxşar olub. Bütün heyvan mənşəli məhsullardan imtina edən veganlarda isə bu ehtimal daha aşağı qeydə alınıb.
Alimlər vurğulayırlar ki, araşdırma ət yeməyin ömrü uzatdığını sübut etmir. Yaşlılıq dövründə əsas məsələ orqanizmin kifayət qədər kalori, zülal, vitamin və minerallarla təmin olunmasıdır. Xüsusilə çəkisi normadan aşağı olan yaşlı insanların qidalanmasına diqqət yetirilməsi vacibdir.
Tədqiqatın nəticələri göstərir ki, uzunömürlülük üçün konkret bir qida məhsuluna deyil, balanslı və orqanizmin ehtiyaclarını qarşılayan qidalanmaya üstünlük verilməlidir.
