Avstriyalı alim Ziqmund Freydin “Yuxuların yozumu” (“Die Traumdeutung”) kitabı 1900-cü il oktyabrın 13-də işıq üzü görüb. Əsərdə alim yuxuları təsnif edib və onların gizli mənalarının araşdırılmasına çalışıb.
Ucnoqta.az xəbər verir ki, Freyd yuxuları şifrəsinin açılması lazım olan bir tapmaca kimi qiymətləndirirdi. O, yuxuların elmi təhlilinə psixoloji yanaşma gətirən ilk tədqiqatçılardan biri olub.
XIX əsrin sonu – XX əsrin əvvəllərində fizioloqlar yuxuları beynin nizamsız fəaliyyəti ilə əlaqələndirirdilər. Freyd isə onların insanın psixi sağlamlığında qoruyucu rol oynadığını irəli sürürdü.
Alim insan davranışlarının əsasında cinsi instinktin dayandığını iddia edirdi. Bu fikirlər onun həm tənqid olunmasına, həm də elmi dairələrdə mübahisələrə səbəb olub.
Freydin “Yuxuların yozumu” əsəri onun sağlığında yeddi dəfə yenidən nəşr edilib və Avropada geniş oxucu kütləsi qazanıb. Bununla belə, alimin yuxularla bağlı nəzəriyyələri sonrakı dövrlərdə də tənqid və müzakirə mövzusu olaraq qalıb.
