ABŞ və İsrail silahlı qüvvələri İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırlaşır. Əməliyyatın İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərindən və ABŞ-da noyabrın 3-nə təyin olunan Konqresə aralıq seçkilərdən əvvəl başlaya biləcəyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə seçkilərdən əvvəl İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatın başlanması ehtimalını müzakirə ediblər.
Portalın məlumatına əsasən, bu müzakirə Trampın oktyabrın 8-də ABŞ-ın Konqresə seçkilərədək İrana zərbə endirməyəcəyini açıqlamasından əvvəl baş tutub.
“Axios” qeyd edir ki, buna baxmayaraq, ABŞ və İsrail silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində qalır və Tramp mövqeyini dəyişəcəyi təqdirdə əməliyyatın başlanması üçün hazırlıqları tamamlayır.
