Böyük Britaniya oktyabr ayında Folklend adaları üzərində nəzarətin güc yolu ilə bərpası ssenarisinin sınaqdan keçirildiyi hərbi təlimlər keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Altı gün davam edən təlimlərdə Britaniyanın 150 hərbçisi və Folklend adalarının müdafiə qüvvələrinin 100 ehtiyatda olan hərbçisi iştirak edib. Təlimlər zamanı hərbçilər adaya desant çıxararaq gecə yürüşü edib və şərti düşmənin rabitə mərkəzinə hücum ssenarisini icra ediblər. Kral Hərbi Hava Qüvvələrinin “Typhoon” qırıcıları isə havadan dəstək göstərib.
Qəzetin məlumatına görə, bu, son illərdə adaların müdafiəsi üzrə keçirilən ilk hərbi təlimlərdir. Təlimlər Argentina rəsmilərinin adaların mənsubiyyəti ilə bağlı son aylarda sərtləşən bəyanatları fonunda diqqət çəkir.
Folklend adaları təxminən 200 ildir Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir. 1982-ci ildə iki ölkə arasında adalar uğrunda müharibə baş verib. Təxminən iki ay yarım davam edən döyüşlərdə Argentina 649, Böyük Britaniya isə 255 hərbçi itirib.
