Payız və qış aylarında uşaqlar arasında yayılan krup xəstəliyi xüsusilə gecələr qəfil başlayan, it hürməsini xatırladan öskürəklə özünü göstərə bilər. Əksər hallarda yüngül keçən bu virus infeksiyası bəzi uşaqlarda tənəffüs yollarının daralmasına və nəfəs almaqda çətinliyə səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis, həkim Fikret İşbilir krup xəstəliyinin əlamətləri, evdə diqqət edilməli məqamlar və təcili tibbi müdaxilə tələb edən hallar barədə valideynləri məlumatlandırıb.
Həkimin sözlərinə görə, krup xəstəliyinə daha çox 6 aylıqdan 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəlik əsasən paraqrip viruslarından qaynaqlansa da, qrip və RSV kimi digər tənəffüs yolu virusları da oxşar əlamətlərə səbəb ola bilər.
Krup qırtlaqda və nəfəs borusunun yuxarı hissəsində şişkinliklə müşayiət olunan infeksiyadır. Kiçik uşaqların tənəffüs yolları böyüklərlə müqayisədə daha dar olduğundan, hətta cüzi şişkinlik belə nəfəs almağı çətinləşdirə bilər.
İlk mərhələdə burun axması, yüngül qızdırma və öskürək kimi adi soyuqdəymə əlamətləri müşahidə oluna bilər. Lakin bir neçə saat sonra öskürəyin xarakteri dəyişə və nəfəsalma zamanı qeyri-adi səslər yarana bilər.
Gecə başlayan öskürək əsas əlamətlərdəndir
Həkim Fikret İşbilir bildirib ki, uşaq gün ərzində yüngül öskürsə də, gecə qəfil hürməyə bənzər öskürəklə oyana bilər. Bəzi uşaqlarda nəfəsalma zamanı stridor adlanan yüksək tonlu, fitə bənzər səs eşidilir. Bu, yuxarı tənəffüs yollarının daralması ilə əlaqəlidir.
Uşaq sakit vəziyyətdə olarkən də belə səsin eşidilməsi daha ciddi tənəffüs yolu daralmasının əlaməti ola bilər.
Evdə nə etmək lazımdır?
Mütəxəssis krup əlamətləri başladıqda uşağı sakitləşdirməyin və rahat nəfəs ala biləcəyi vəziyyətdə saxlamağın vacib olduğunu vurğulayıb. Bəzi uşaqlarda sərin hava müvəqqəti rahatlıq yarada bilər. Lakin bu üsul tibbi müalicəni əvəz etmir.
Həkim isti buxar tətbiqindən çəkinməyi tövsiyə edib. Belə üsullar yanıq riski yaradır və faydası kifayət qədər sübut olunmayıb. Uşaqda nəfəsalma çətinliyi varsa, ev şəraitində müxtəlif üsulları sınamaqla vaxt itirmək olmaz.
Uşağın kifayət qədər maye qəbul etməsi də vacibdir. Bununla belə, nəfəs almaqda və ya udmaqda ciddi çətinlik çəkən uşağa məcburən qida və maye vermək olmaz.
Nə zaman təcili tibbi yardım lazımdır?
Uşaqda nəfəsalma çətinliyi, sakit vəziyyətdə də eşidilən sərt və fitə bənzər səs, döş qəfəsinin nəfəs alarkən içəri çəkilməsi və ya dodaqlarda göyərmə müşahidə olunarsa, təcili tibbi yardım çağırılmalıdır. Belə hallarda evdə müalicə ilə kifayətlənmək təhlükəli ola bilər.
