Körpəlik və uşaqlıq dövründə yuxu yalnız istirahət deyil, uşağın böyüməsi, immun sisteminin güclənməsi, öyrənilən məlumatların yaddaşa həkk olunması və emosional inkişafı üçün mühüm bioloji prosesdir.
Ucnoqta.az xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis, doktor Özge Yendur bildirib ki, böyümə hormonunun gündəlik ifrazının təxminən 60-70 faizi uşaqlar yatarkən baş verir. Bu hormon yuxuya getdikdən təxminən 60-90 dəqiqə sonra başlayan dərin yuxu mərhələsində ən yüksək səviyyəyə çatır. Onun ifrazı əsasən gecə saat 22:00-04:00 arasında intensivləşir.
Həkimin sözlərinə görə, yuxunun tez-tez bölünməsi, gec yatmaq və dərin yuxuya keçə bilməmək böyümə hormonunun ifrazını azaldaraq boy artımına mənfi təsir göstərə bilər.
Mütəxəssis qeyd edib ki, həyatın ilk 6 ayından 1 yaşa qədər körpələrdə gecə tez-tez oyanmaq və yuxu saatlarının dəyişməsi təbii haldır. Valideynlər bu dövrdə sərt yuxu rejimi tətbiq etməkdənsə, uşağa vaxt verməlidirlər. Lakin 1 yaşdan sonra gec yatmaq və tez-tez oyanmaq davamlı xarakter alarsa, bu, boy və çəki inkişafına təsir göstərə bilər.
Yuxu çatışmazlığı çəkiyə də müxtəlif istiqamətlərdə təsir edir. Bəzi uşaqlarda inkişafın ləngiməsinə, digərlərində isə gecə qidalanması və hormonal dəyişikliklər səbəbindən artıq çəki və piylənməyə gətirib çıxara bilər.
Doktor Yendur gündüz yuxusunun gecə yuxusunu tam əvəz etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, melatonin əsasən qaranlıqda ifraz olunur və bədənin bərpa proseslərində mühüm rol oynayır. Buna görə də hüceyrələrin bərpası baxımından gecə yuxusu xüsusi əhəmiyyət daşıyır.
Kifayət qədər və keyfiyyətli yatmayan uşaqlarda immun sisteminin zəiflədiyini bildirən mütəxəssis belə uşaqların infeksiyalara daha tez yoluxa biləcəyini qeyd edib. Yuxusuzluq həmçinin iştah hormonlarının balansını pozur: toxluq hissi yaradan leptinin səviyyəsi azalır, aclıq siqnalı verən qrelin isə artır. Nəticədə uşaq şirniyyat və un məmulatlarına daha çox meyl edə bilər.
