İlk tanışlıq zamanı yumor hissinin ən cəlbedici xüsusiyyətlərdən biri olduğu düşünülür. Lakin yeni araşdırma qadınların onları güldürməyi bacaran kişilərə daha çox üstünlük verdiyi barədə geniş yayılmış fikri şübhə altına alıb.
Ucnoqta.az xəbər verir ki, Avstraliyanın Kvinslend Universitetinin alimləri 554 heteroseksual könüllünün iştirakı ilə araşdırma aparıblar. İştirakçılar üç dəqiqə davam edən sürətli görüşlərdə iştirak edib, daha sonra söhbətlərin videoyazıları təhlil olunub.
Məlum olub ki, görüş zamanı daha çox gülən və ya qarşı tərəfi daha çox güldürən insanlar mütləq şəkildə daha cəlbedici hesab edilməyiblər.
Tədqiqatın aparıcı müəllifi Henri Veynrayt bildirib ki, iştirakçıların cinsindən asılı olmayaraq, tərəfdaşı ilə daha çox gülən və ya qarşı tərəfdən daha çox gülüş alan şəxslər partnyorlarını nə daha, nə də az cəlbedici hesab ediblər.
Onun sözlərinə görə, nəticələr qadınların yumor hissi güclü olan kişilərə, kişilərin isə onların zarafatlarına gülən qadınlara daha çox maraq göstərməsi barədə məşhur təsəvvürlə ziddiyyət təşkil edir.
Əvvəllər psixoloqlar yumor hissi güclü insanlara marağın hətta təkamül səbəbləri ilə bağlı ola biləcəyini düşünürdülər. Hesab olunurdu ki, zarafat etmək bacarığı intellekt və digər faydalı xüsusiyyətlərlə əlaqəli ola bilər və bu üstünlüklər gələcək nəsillərə ötürülə bilər.
Veynrayt ilk görüşdə qarşı tərəfi daim əyləndirməyə çalışmaqdansa, insanın özünü olduğu kimi aparmasının daha yaxşı olduğunu bildirib. Onun fikrincə, həddindən artıq gülməli görünmək cəhdləri faydadan çox əks nəticə verə bilər.
Araşdırmada başqa bir maraqlı məqama da diqqət çəkilib: gülüş hər zaman insanın həqiqətən əyləndiyini və ya qarşı tərəfi bəyəndiyini göstərmir. Görüş zamanı qadınlar kişini sakitləşdirmək, onu narahat vəziyyətə salmamaq və ya öz narahatlıqlarını gizlətmək üçün də gülə bilərlər.
Beləliklə, araşdırma yumor hissinin romantik münasibətlərdə əhəmiyyətini tamamilə inkar etmir. Sadəcə, gülüşün romantik marağın dəqiq göstəricisi olmadığını ortaya qoyur. Səmimi şəkildə birlikdə gülmək isə tanışlığı daha xoş və rahat edə bilər.
