Gərgin iş rejimi, iqtisadi narahatlıqlar və gündəlik həyatın yaratdığı təzyiqlər milyonlarla insanın stress yaşamasına səbəb olur. Lakin stressin təsirləri yalnız müvəqqəti narahatlıq və yorğunluqla məhdudlaşmır.
Ucnoqta.az xəbər verir ki, uzunmüddətli stressin ürək-damar sistemi, immunitet, həzm sistemi və zehni fəaliyyət də daxil olmaqla orqanizmin müxtəlif funksiyalarına mənfi təsir göstərə biləcəyi bildirilir.
Fitoterapevt Dr. Bekir Uğur Yavuzcan stressin insan sağlamlığı və həyat keyfiyyətinə mənfi təsirlərinə diqqət çəkərək, onunla mübarizədə düzgün qidalanma, funksional qidalar və aktiv həyat tərzinin mühüm rol oynadığını bildirib.
Həkimin sözlərinə görə, stress fiziki sağlamlığa müxtəlif formalarda təsir göstərə bilər:
“Stress qan təzyiqini və ürək döyüntüsünü artıraraq ürək xəstəlikləri riskinin yüksəlməsinə səbəb ola bilər. Xroniki stress immun sistemini zəiflədərək orqanizmin infeksiyalar və xəstəliklərlə mübarizəsini çətinləşdirə bilər.
Stress həmçinin qıcıqlanmış bağırsaq sindromu (İBS), xora və digər mədə-bağırsaq problemləri ilə əlaqəli ola bilər. Bundan əlavə, stress yuxusuzluğa və ya yuxunun keyfiyyətinin pisləşməsinə səbəb olaraq fiziki və zehni sağlamlıq problemlərini daha da ağırlaşdıra bilər”.
Yavuzcan uzunmüddətli stressin psixoloji vəziyyətə də mənfi təsir göstərə biləcəyini vurğulayıb.
“Uzunmüddətli stress narahatlıq pozuntuları və depressiyanın inkişafı üçün mühüm risk faktorudur. Stress yaddaşa, diqqətə və qərarvermə qabiliyyətinə mənfi təsir göstərə bilər. Xroniki stress özünü tükənmiş hiss etmə, əsəbilik və emosional qeyri-sabitliyə səbəb ola bilər”, – deyə həkim bildirib.
Onun sözlərinə görə, stress sosial münasibətlərə və ümumi həyat məmnuniyyətinə də təsir edə bilər. Belə vəziyyət ailə üzvləri, dostlar və həmkarlarla münasibətləri çətinləşdirə, məhsuldarlığı və işdən məmnunluğu azalda, ümumi həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.
Həkim bəzi qidaların psixoloji sağlamlığın dəstəklənməsində faydalı ola biləcəyini də qeyd edib.
Onun sözlərinə görə, tünd yaşıl yarpaqlı tərəvəzlər, göyərtilər və çərəzlərdə bol olan maqnezium orqanizm və sinir sistemi üçün vacib minerallardan biridir. Maqnezium sağlam beyin fəaliyyəti və normal yuxu rejiminin dəstəklənməsində rol oynayır.
Omega-3 yağ turşuları ilə zəngin olan somon və skumbriya kimi balıqlar, kətan toxumu və qozun isə depressiya və narahatlıq əlamətlərinin azalmasına kömək edə biləcəyi bildirilir.
Həmçinin glutensiz yulaf, kinoa və kətan toxumu kimi qidaların qan şəkərinin səviyyəsinin daha sabit saxlanmasına və enerji təminatına kömək edə biləcəyi qeyd olunur.
