Yeni araşdırmaya əsasən, müəyyən miqdarda qəhvə istehlakı bioloji qocalmanın daha yavaş getməsi ilə əlaqəli ola bilər.
Ucnoqta.az xəbər verir ki, “BMJ Mental Health” jurnalında dərc olunan araşdırmada ağır psixi pozuntuları olan 436 nəfərin məlumatları təhlil edilib. Alimlər iştirakçıların qəbul etdiyi qəhvə miqdarı ilə onların bioloji yaş göstəriciləri arasındakı əlaqəni araşdırıblar.
Nəticələr göstərib ki, gündə 3-4 fincan qəhvə içən insanların bioloji yaşı qəhvə içməyənlərlə müqayisədə orta hesabla 5 il daha aşağı olub. Lakin gündə 5 fincandan çox qəhvə qəbul edildikdə bu mümkün üstünlük artmayıb, əksinə, azalmağa başlayıb.
Tədqiqatda bioloji yaş telomerlərin uzunluğu əsasında qiymətləndirilib. Telomerlər xromosomların uclarında yerləşən və hüceyrə bölünməsi zamanı genetik materialı qoruyan DNT hissələridir.
Mütəxəssislər qəhvənin mümkün faydasını onun tərkibindəki antioksidant və iltihabəleyhinə bitki birləşmələri ilə əlaqələndirirlər. Bu maddələr hüceyrələrin qocalmasını sürətləndirən oksidləşdirici stress və iltihabın azalmasına kömək edə bilər.
Bununla belə, alimlər nəticələrin bütün əhali üçün avtomatik şəkildə keçərli olmadığını vurğulayırlar. Araşdırmaya yalnız ağır psixi pozuntuları olan insanlar daxil edilib.
Mütəxəssislər həmçinin qəhvə istehlakını həddindən artıq artırmağın düzgün olmadığını bildirirlər. Çox miqdarda kofein narahatlıq, yuxusuzluq, ürəkdöyünmə və stress hormonlarının səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Qeyd edək ki, araşdırma qəhvənin qocalmanı birbaşa ləngitdiyini sübut etmir, yalnız qəhvə istehlakı ilə bioloji yaş arasında əlaqə olduğunu göstərir.
