5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Regional Təhsil İdarəsinin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, eləcə də müəllimlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və gələcək nəsillərin yetişdirilməsi kimi məsuliyyətli və şərəfli missiyalarında yeni nailiyyətlər arzulayıblar. Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafında, savadlı, dünyagörüşlü və vətənpərvər nəslin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, müəllim yalnız bilik öyrədən deyil, həm də şagirdlərin şəxsiyyət kimi formalaşmasına, onların həyat yolunu müəyyənləşdirməsinə töhfə verən mühüm bir peşənin sahibidir.
Çıxışlar zamanı ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs olunub. Bildirilib ki, regionda yeni məktəb binalarının tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, məktəblərin müasir avadanlıq və ləvazimatlarla təchiz edilməsi şagirdlərin daha əlverişli təhsil şəraitində öyrənməsinə, müəllimlərin isə öz bilik və bacarıqlarını səmərəli şəkildə tətbiq etməsinə imkan yaradır. Təhsil işçiləri bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti ilə seçilən bir qrup müəllimə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Müəllimlərin təhsil sahəsindəki xidmətləri, gənc nəslin bilikli, bacarıqlı və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsi istiqamətində göstərdikləri əzmkar fəaliyyət yüksək qiymətləndirilib.
Həmçinin şagirdləri müxtəlif müsabiqə və yarışlarda uğur qazanan Mil-Muğan regionunun bir qrup müəlliminin Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Fəxri fərman”la təltif olunduğu diqqətə çatdırılıb. Bu təltiflərin müəllimlərin gündəlik zəhmətinə, peşəkarlığına və təhsilin inkişafına verdikləri töhfəyə göstərilən diqqətin ifadəsi olduğu vurğulanıb.
Qeyd olunub ki, şagirdlərin əldə etdikləri uğurlar müəllimlərin bilik və bacarığının, fədakarlığının, səbrinin və davamlı əməyinin nəticəsidir. Müəllimlərin müxtəlif müsabiqə və yarışlarda qazandıqları nailiyyətlər, yetirmələrinin uğurları regionda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin əhəmiyyətini bir daha nümayiş etdirir.
Səmimi və xoş ovqatda keçən tədbir müəllim əməyinə verilən dəyərin, təhsil işçilərinə göstərilən ehtiramın və gələcək nəsillərin yetişdirilməsi naminə birgə fəaliyyətə verilən önəmin ifadəsi olub. Tədbirin sonunda bir qrup müəllim idarə tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbir şagirdlərin iştirakı ilə müəllimlərə həsr olunmuş bədii kompozisiyalar və musiqi nömrələri ilə davam edib.

