Fransada təhsil sistemindəki problemlərə etiraz aksiyaları səbəbindən 40-a yaxın ali təhsil müəssisəsinin fəaliyyəti məhdudlaşıb.
Ucnoqta.az bildirir ki, bu barədə ölkənin ali təhsil naziri Filip Batist məlumat verib.
“Hazırda təxminən 30-40 universitet binası bloklanıb və ya bağlanıb”, – deyə nazir bildirib.
O, həmçinin lisey şagirdlərinin etirazlarının ali məktəblərə də yayılmasından narahatlığını ifadə edib. Nazirin sözlərinə görə, tələbələrin tələbləri lisey şagirdləri ilə müqayisədə daha sistemli və aydındır və hazırda tələbə təşkilatları ilə dialoq davam etdirilir.
Batist qeyd edib ki, universitetlərdə indiyədək liseylər qarşısındakı aksiyalarda müşahidə olunan iğtişaşlara bənzər hallar qeydə alınmayıb.
Lisey şagirdlərinin etirazları sentyabrın sonunda Parisin yerləşdiyi İl-de-Frans regionunda başlayıb və hazırda Fransanın müxtəlif bölgələrinə yayılıb. Etirazçılar həddindən artıq yüklənmiş dərs cədvəllərinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
