Böyük Britaniya kralının qardaşı Endryu Mauntbetten-Vindzor fevral ayında iqamətgahlarında aparılan axtarışlarla əlaqədar Temza Vadisi polisini məhkəməyə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Keçmiş şahzadə fevralın 19-da, 66-cı doğum günündə saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.
Temza Vadisi polisi Endryu Mauntbetten-Vindzorun 2001–2011-ci illərdə Böyük Britaniyanın beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışarkən, pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynə məxfi məlumat ötürməsi ilə bağlı iddiaları araşdırır. Onun evlərində axtarışlar aparılıb. Saxlanıldıqdan bir neçə saat sonra Mauntbetten-Vindzor ittiham irəli sürülmədən sərbəst buraxılıb. Araşdırma davam edir.
“The Daily Telegraph”ın məlumatına görə, keçmiş şahzadə Vindzor qəsrinin ərazisindəki keçmiş iqamətgahı “Royal Lodge” və fevralın əvvəlində köçdüyü Sandrinqem kral mülkündə yerləşən “Wood Farm” kottecində aparılan axtarışların qanuniliyinin yoxlanılması üçün məhkəməyə müraciət edib.
Nəşr qeyd edir ki, Britaniya kral ailəsinin üzvü özünə qarşı aparılan cinayət araşdırmasının qanuniliyinə ilk dəfə etiraz edir. Bunun 1649-cu ildə edam edilmiş Kral I Çarlzın məhkəməsindən bəri bu qəbildən ilk hal olduğu bildirilir.
