Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur.
Ucnoqta.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, paytaxt bazarlarında əvvəllər 25-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə yüksəlib.
Satıcıların sözlərinə görə, qiymət artımı son bir ay, bir ay yarım ərzində daha çox hiss olunmağa başlayıb. Tovuz və İsmayıllıda da kənd yumurtasının 40 qəpiyə satıldığı bildirilir.
Paytaxtda satıcılar kənd yumurtasını kəndlərdən təxminən 30-35 qəpiyə aldıqlarını, üzərinə müəyyən məbləğ əlavə edərək 40 qəpiyə satdıqlarını deyirlər.
Onların sözlərinə görə, əvvəllər yumurtanın qiyməti 25-30 qəpik civarında olub. Bəzi satıcılar isə hazırda kənd yumurtasının qıt olduğu vaxtlarda qiymətin 40 qəpiyə qədər yüksəldiyini bildirirlər.
Tovuzda da qiymət artımı təxminən bir ay yarımdır müşahidə olunur. Satıcılar bildirirlər ki, əvvəllər kənd yumurtasını 20-25 qəpiyə alıb 25-30 qəpiyə satırdılarsa, hazırda 35 qəpiyə alaraq 40 qəpiyə təklif edirlər.
Satıcıların sözlərinə görə, artımın əsas səbəblərindən biri kənd toyuqlarının yumurtlama səviyyəsinin azalmasıdır.
İsmayıllıda isə satıcılar qiymətin son günlərdə artdığını bildirirlər. Onların sözlərinə görə, yumurtanı 35 qəpiyə alıb 40 qəpiyə satmaq çətinləşib.
Ekspert səbəbi açıqladı
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli kənd yumurtasının bahalaşmasını tələbatın artması və mövsümi amillərlə əlaqələndirib.
Onun sözlərinə görə, kənd toyuqları yay aylarında gündəlik təxminən 380-400 min ədəd yumurta istehsal edir. Payız aylarından başlayaraq qışa doğru bu göstərici təxminən 80 min ədədə qədər azalır.
Mürvət Həsənli bildirib ki, istehsalın azalması fonunda tələbatın qalması qiymətlərin yüksəlməsinə səbəb olur.
O qeyd edib ki, havaların daha da soyuması ilə kənd yumurtasının qiymətində əlavə artım da mümkündür.
Ferma yumurtası daha ucuzdur
Broyler və ya ferma toyuqlarının yumurtası isə kənd yumurtası ilə müqayisədə daha ucuz qiymətə təklif olunur. Hazırda belə yumurtaların qiymətinin 10-20 qəpik arasında dəyişdiyi bildirilir.
Beləliklə, kənd yumurtası ilə ferma yumurtası arasındakı qiymət fərqi 20 qəpiyə qədər çatır.
