Ürək-damar xəstəliklərinin daha erkən yaşlarda müşahidə olunması mütəxəssisləri narahat edir. Həkimlər 20–30 yaşlarında da infarkt hallarına rast gəlindiyini bildirərək ürək sağlamlığı üçün profilaktik tədbirlərə daha erkən yaşlardan başlanılmasının vacibliyini vurğulayırlar.
Ucnoqta.az bildirir ki, professor R. Emre Altekin ürək-damar xəstəliklərinin əsas risk faktorları arasında siqaret, qeyri-sağlam qidalanma, stress və hərəkətsiz həyat tərzini göstərib. Yaş, ailədə erkən yaşda ürək xəstəliyi tarixçəsinin olması və digər amillər də riskin artmasına səbəb ola bilər.
Mütəxəssis xüsusilə yüksək təzyiq, diabet və xolesterin səviyyəsinin vaxtında yoxlanılmasının vacibliyini qeyd edib. Artıq çəkisi olanlar, siqaret çəkənlər, hərəkətsiz həyat tərzi keçirənlər və ailəsində erkən yaşda ürək xəstəliyi olan şəxslərin risk qrupunda olduğu bildirilib.
Ürək sağlamlığını qorumaq üçün siqaretdən tamamilə imtina etmək, tərəvəz və meyvələrə, tam taxıllara, balıq, paxlalılar və qoz-fındığa üstünlük vermək tövsiyə olunur. Duz, əlavə şəkər, doymuş yağlar və həddindən artıq emal olunmuş məhsulların qəbulunun azaldılması da vacibdir.
Mütəxəssislər həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki aktivlik etməyi, sağlam çəki saxlamağı və alkoqol qəbulunu məhdudlaşdırmağı məsləhət görürlər.
Həkimlərin fikrincə, yüksək təzyiq, xolesterin və qan şəkərinin mütəmadi nəzarətdə saxlanılması ürək-damar xəstəlikləri riskinin azaldılmasında mühüm rol oynayır.
